84

Təksən, yeganəsən, sənə, söylə bir,

Bundan yüksək tərif kim deyə bilər?

Bakir gözəlliyin özü səndədir,

Sənə səndən başqa yoxdur bərabər.

Zəifdən zəifdir, kasıbdan kasıb

Kim ki əsərinə verməyib şöhrət.

Sənin gül hüsnündən söz-söhbət açıb

Gətirər şerinə yeni təravət.

Səni təbiətən yarandığın tək

Kim köçürə bilsə öz yazısına,

Hər yerdə tanınıb şöhrətlənəcək,

Dünya heyran-heyran baxacaq ona.

Hüsnünə əlavə tərif deyən kəs

Duanı təhqirlə eyləyər əvəz.

85

Qızıl qələmiylə bütün şairlər

İlhamla vəsf edir səni, bilirəm.

Hüsnünə minlərlə tərif deyirlər,

Mənimsə ilhamım lal olur bu dəm.

Onların nəğməsi — füsunkar, qəşəng,

Mənim xəyallarım — hüdudsuz, dərin.

Təhsilsiz, savadsız bir ruhani tək

Dinləyib onları deyirəm: “amin”.

“Elədir”, “doğrudur” söyləsəm də mən,

Qəlbimdə dil açır bir hökmüranlıq.

Gözəldir, ucadır saysız tərifdən

Sevginlə yaranan dilsiz heyranlıq.

Onlara “sağ ol” de şerlər üçün,

Mənəsə — lal, dinməz fikirlər üçün.

86

Ah, onun nəğməsi bir gəmiydimi?

Sənət ümmanında məğrur göründü.

Başımda dəfn etdi sonsuz fikrimi,

Sanki, ana bətni məzara döndü.

Onun dostuydumu ruh verən ona,

İnci tək düzdürən hər bir nəğməni,

Qəlbimi, ruhumu salan tufana,

Dilimi bağlayıb mat qoyan məni?

Yox, yox, belə deyil, bu, ağla gəlməz;

Nə o, nə də onun dostunun ruhu

Qalib tək heç zaman öyünə bilməz,

Axı, susdurmayıb məni bir qorxu.

Baxışın nur saçıb onun üzünə,

Susub qərq olmuşam qəm dənizinə.

87

Əlvida! Nə etmək, ayınlıq biz,

Yəqin, dərk etmisən ləyaqətini.

Mənimçün bir sənsən hər şeydən əziz,

Silirsən qəlbimdən məhəbbətini.

Ülvi bir məhəbbət bəxş etdin mənə,

Söylə, buna layiq varmı xidmətim?

Onu verdiyin tək alırsan yenə,

Hanı saxlamağa bir ləyaqətim?!

Bu parlaq incini bəxş edən zaman

Məni öyrənəydin yaxından gərək.

İncinin qədrini nə bilər nadan?

İndi qaytarırsan tənbeh edərək.

Elə bil, yuxuda kral idim mən,

Oyandım, taxt-tacım getdi əlimdən.

88

Mənə etinasız olsan bir zaman,

Tutulsa günəşim, batsa ulduzum,

Mən özüm özümlə vuruşub hər an,

Sənin tərəfinə keçərəm, quzum.

Nöqsanım özümə yaxşı bəllidir,

Yazaram haqqımda böyük hekayət.

Gizli nəyim varsa, açaram bir-bir,

Sən məni itirib taparsan şöhrət.

Şənin, ləyaqətin artar ilbəil,

Ziyana düşsəm de, gəlmərəm dilə.

Yüksəlsən, ikiqat yüksələrəm, bil,

Mənim məhəbbətim belədir, belə.

Təki sən haqlı ol, mən düşüb dərdə,

Bütün yalanlara olaram pərdə.

89

Məni atırsansa, bir səbəb göstər,

Nə sübut axtarım, nə dəlil gəzim.

Desən ki, topalsan, hər axşam-səhər

Axsaya-axsaya qalım, əzizim.

Tapa bilmirsənsə bir günah, qüsur,

Mən necə haqq verim dönüklüyünə?

Xətrinə könlümü edərəm məcbur,

Sənə yad olaram, lənət o günə!

Yanaram hər zaman hicran odunda,

Təki şöhrətinə gəlməsin nöqsan.

Gəzməz dodağımda gözəl adın da,

Bir kəlmə kəsmərəm dostluğumuzdan.

Nifrət yağdıraram özümə hər dəm,

Sənə yad olanı sevə bilmərəm.

90

İndi at, dostunu atacaqsansa,

İndi at — sıxırkən ruhumu aləm.

Bəxtimlə əlbir ol, mən batım yasa,

Axırda göz yaşı tökməsin didəm.

Qəlbimin yarası sağalan zaman

Onu göynətməsin yenidən kədər.

Yandır, dağla indi, vermə sonradan

Tufanlı gecəyə yağışlı səhər.

Cüzi ağrılardan zəifləsəm mən,

Senin həsrətinə dözərəm neçə?!

Nifrətin vardırsa, göstər indidən,

Ən müdhiş əzabı çəkim əvvəlcə.

Hər cür müsibətə tablayar ürək,

Ən böyük bəladır seni itirmək.

91

Kimi fəxr eyləyir var-dövlətiylə,

Kimi qüvvətiylə, əsli — zatıyla,

Kimi paltarıyla, zər — zinətiylə,

Kimi də şahini, iti, yayla.

Hərədə bir cürə zövq var, həvəs var,

Başqadır sevdiyim mənim cahanda,

O, gözə işıqdır, ürəyə simsar,

Bütün xoşbəxtliklər birləşib onda.

Hər şeydən yüksəkdir sənin pak sevgin,

Yalnız bir onunla öyünürəm mən.

Tacdan qiymətlidir, xəzinədən zəngin,

Gözəldir dünyanın hər nemətindən.

Əgər əsirgəsən məndən sevgini,

Kasıblar kasıbı edərsən məni.

92

Qırıb parçalama əhdi, ilqarı,

Yeganə arxamsan ömrüm boyu sən,

Yaşaya bilmərəm mən səndən ayrı,

Çünki asılıyam məhəbbətindən.

Senin dönüklüyün ölümdən betər,

Səndən asılıdır ömrüm hər zaman.

Sən məni ataraq məhv etsən əgər,

Biryolluq qurtarar canım qorxudan.

Bir onda yanmaram xəyanətinlə,

Həyat dəhşət olmaz mənə həyatda.

Xoşbəxtəm dünyada məhəbbətinlə,

Xoşbəxtəm sevginlə ölsəm də, hətta.

Hansı səadəti izləmir ləkə?!

Xəyanət edirsən, bilmirəm, bəlkə?

93

Daim aldanılan bir ər kimi mən,

Daim düşünürəm: yox eybin sənin.

Bəlkə də, sevirsən məni zahirən,

Gözlərin mənimdir, könlün özgənin.

Riyadan bir əsər yoxdur gözündə,

Xəyanət eyləsən, olarmı aşkar?!

Adam var yazılır onun üzündə

Ürəyində olan gizli qüsurlar.

Ülvi zinətini bütün aləmin

Təbiət əbədi veribdir sənə.

Bəs qəlbin necədir? Gözəl görkəmin

Gözəllikdən başqa əks etmir heç nə.

Hüsnün qəlbin kimi deyilsə əgər,

Həvvanın dərdiyi almaya bənzər.