30

Olub keçənləri bir-bir çəkərkən

Sakit yaddaşımın məhkəməsinə,

Bir daha yanıram köhnə qəmlə mən,

Bütün itkilərim görünür yenə.

Məzarda zülmətə batan dostlara

Həsrət qalan gözüm tökür qanlı yaş.

Bir də ağlayıram yatan dostlara,

Gedənlər geriyə qayıdaydı kaş!

Saymaqla dərd-qəmim yetməyir sona,

Dəhşətdən əriyir ürəyimdə şam,

Bir də qərq oluram göz yaşlarına,

Elə bil əvvəllər ağlamamışam.

Yada sen düşəndə itir kədərim,

Yenidən tapılır itirdiklərim.

31

Susmuş zənn etdiyim bütün ürəklər,

Demək, döyünürmüş sənin köksündə.

Sevginlə gül açır bütün diləklər,

Yaşayır səninlə dostlar bu gün də.

Onların müqəddəs qəbrinin üstə

Acı göz yaşlan tökdüm o ki var,

Gözüm yaşlı oldu, könlüm şikəstə,

Sen demə, köksünə sığınmış onlar.

Sən elə bir canlı sərdabəsən ki,

Səndə dəfn olunan yaşayır yenə

Dostlardan yeganə nişanəsən ki,

Mənim sevgimi də veriblər sənə.

Onların əksidir gözəl rüxsarın,

İndi həm səninəm, həm də onların.

32

Soyuq məzarımda çürüyəndə mən,

Həyat soldurmasa çəmənzarını,

Vaxt tapıb, gözucu oxu yenidən

Dostunun bu kasıb misralarını.

Heç zaman bir tutma məni

gənclərlə, Onlarda kamillik üstün

olacaq. Bakirə sevgimdən söz aç

hünərlə, Məndə sənətkarlıq axtarma ancaq.

Sən məni beləcə yadına gətir:

“Dostumda tükənməz məhəbbət vardı,

Əgər ucalsaydı əsrimizlə bir,

Ən gözəl əsəri o yaradardı.

O yoxdur, daima yüksəlir sənət,

Sizdə ustalıq var, onda məhəbbət.”

33

Görmüşəm: al günəş doğanda səhər

Zirvələr nurlanıb baxışlarıyla;

Öpüşə qərq olub yaşıl çəmənlər,

Sular zərə dönüb naxışlarıyla,

Bu vaxt toplaşaraq qara buludlar

O göylər tacının tutub üzünü.

Tək-tənha dünyanı bürüyüb qubar,

Həyat qəm içində donub o günü.

Mənim də günəşim parladı belə,

Üzümə nur səpdi bir səhər erkən.

Heyif, bircə saat qaldı mənimlə,

Onu da buludlar gizlədi birdən.

Kədərli sevgimdən nifrət kənardır;

O qara buludlar yerdə də vardır.

34

Xoş gün vəd elədin sən günəş kimi,

Yoxsa heç plaşsız çıxardım evdən?!

Yolda qara bulud aldı üstümü,

Yağışda, tufanda tir-tir əsdim mən.

Arabir görünüb parladın əbəs,

Göyərmiş üzümü tutdun zər tülə.

Yara təsəlliylə sağala bilməz,

Addan ləkə getməz müalicəylə.

Gəl, gəl, ol onuncu ilham pərisi,

On dəfə artıq ol başqalarından.

Sayəndə yaranan şerin nəfəsi

İsitsin qəlbləri hey zaman-zaman.

Şerim ürəklərə yol tapsa, yəqin,

Zəhməti mənimdir, şöhrəti sənin.

39

Necə tərifləyim ləyaqətini,

Mənimsən, mənimdir bu böyük sərvət.

Adam mədh edərmi öz zinətini?

Gətirməz tərifim özümə şöhrət.

Bunun üçün ayrılaq gərək biz tamam,

Onda sevgimiz də düşər hicrana;

Bu zaman haqqında dastan yazaram,

Təkcə sən layiqsən çünki ad-sana.

Ayrılıq bizimçün çətin olsa da,

Təklik arzulara verər qol-qanad.

Olsa da dərdimiz həddən ziyada,

Biz vaxtı aldadıb dolanarıq şad.

Bölər qəlbimizi ikiyə hicran,

Mənim tərifimdə şöhrət taparsan.

40

Əlimdən eşqimi alırsan tamam,

Nəyin artacaqdır bununla, nəyin?

Səndən ki eşqimi ayrı tutmuram,

Ürəyim əbədi senindir, sənin.

Qəlbinə qısqanclıq hökm edir, bəlkə,

Qəm-qüssə örtməsin gözəl üzünü.

Yoxsa bu dostluğu sanırsan ləkə,

Qaçıb gizlədirsən məndən özünü.

Alma, qəşəng oğru, məhəbbətini,

Dönüklük nifrətdən yamandır, yaman.

Yox, yox, dilənçinin son qismətini

Apar, bunu sənə saymaram nöqsan.

Sənin nöqsanın da gözəldir, gözəl,

Biz düşmən olmarıq, canımı al, gəl.

41

Mən sənin qəlbində olmayan zaman

Günahla oynayır şux nadincliyin.

Hamını tovlayıb çıxarır yoldan 5

Sənin gözəlliyin, sənin gəncliyin.

Zərifsən, tezliklə keçirsən ələ,

Gözəlsən, dövrəni tutub yaltaqlar.

Qadınların nazı önündə, söylə,

Hansı qadın oğlu əyilməz qalar?

Gəncliyin daşdıqca coşqun sel təki,

Gözəlliyin daim açdı qol-qanad.

O səni çatdırdı elə yerə ki,

Məcburən xəyanət etdin ikiqat:

Yarımı düz yoldan sən kənar etdin,

Özünü yanımda saxtakar etdin.

42

Bu hələ dərd deyil, alıbsan onu,

Bəlkə də, sevgimə bir sədaqətdir.

O sənə sahibdir; dözülməzdir bu,

Sevgini itirmək bir fəlakətdir.

Əziz günahkarlar, düşünüb hər gün

Bəraət verirəm sizə bu cürə:

Sən onu sevirsən mən sevdiyim üçün,

O səni istəyir tək mənə görə.

Mən səni itirsəm, sevgilim tapar,

Mən onu itirsəm, taparsan, düzü.

Kam alıb, ömürlük olarsınız yar,

Mənsə itirərəm hər ikinizi.

Dostum, ürəyimiz birdirsə, nə qəm,

Təkcə məni sevər yenə o sənəm.

43

Gecələr mən daha yaxşı görürəm,

Gündüzlər həsrətəm gözəl çöhrənə.

Yatanda gözümə məlhəmsən, məlhəm,

Doyunca, doyunca baxıram sənə.

Camalın gecəni işıqlandırıb,

Yuxulu gözlərə bəxş edir ziya,

Öz parlaq odunu gündüz yandırıb

Nur saçsa, nuruna qərq olar dünya.

Qaranlıq gecədə susanda hər yan,

Gül hüsnün gülən vaxt şirin röyada

Nurlu gündüz gələ, deyirəm, bu an,

Bəxtəvər olarmı mən tək dünyada?

Gündüzüm gecədir, görmürəm səni,

Yuxum gündüz edir hərdən gecəni.